07 ноября 2026 20:00

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində silsilə tədbirlər təşkil olunub.
Agentliyin Aparatında keçirilən tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Agentlik rəisinin müavini general-mayor Fizuli İmrəliyev tədbirin gündəliyini diqqətə çatdırıb. Daha sonra Agentliyin şöbə rəisi, polkovnik-leytenant Eldar Qədimov “Zəfər tarixinin başlanğıc günü” mövzusunda çıxış edib.
Tədbir çərçivəsində hərbi qulluqçuların mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub, “Səbrin sonu!” sənədli filmi nümayiş etdirilib.
Ardınca Agentliyin rəisi, general-mayor Sərdar Səfərov “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmiş hərbi qulluqçuları təbrik edərək onlara medalları təqdim edib.
Bununla yanaşı, Agentliyin regional idarələrinin rəhbər heyəti rayon və şəhər dövlət orqanlarının nümayəndələri ilə birlikdə şəhidlərin abidələrini ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad ediblər. Regional idarələrin akt zallarında şəxsi heyət qarşısında Zəfər Gününün tarixi əhəmiyyəti və xalqımızın qazandığı tarixi Qələbə ilə bağlı çıxışlar edilib, mövzuya həsr olunmuş videofilmlər nümayiş etdirilib.

Другие новости