Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində hesabat iclası keçirilib
Agentliyin rəisi general-mayor Sərdar Səfərov müvafiq dövrdə görülən işlərlə bağlı çıxış edib.
Çıxışının əvvəlində Agentlik rəisi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 672 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edildiyini və bu Fərmanın Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə etmişdir.
Agentlik rəisinin çıxışında, həmçinin hesabat dövründə hərbi qulluqçuların strateji obyektlərin qorunması sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi, xidmətin təşkili istiqamətində bir çox müsbət nəticələr əldə olunduğu, verilmiş göstəriş və tapşırıqların icra edildiyi qeyd edilib.
Sonra görülmüş işlərə dair məruzələr dinlənilib, Agentliyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının, peşəkarlığının və psixoloji dayanıqlığının artırılması, təlimlərinin real vəziyyətə uyğun ssenarilər üzrə keçirilməsi, komandir heyətinin metodiki təlimlərinin davam etdirilməsi və onların qərarvermə bacarığının inkişafı, o cümlədən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin gələcək icrası istiqamətində tapşırıqlar verilib.