Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilən fəaliyyət istiqamətləri üzrə mühafizə tədbirlərini həyata keçirən mərkəzi icra hakimiyyəti orqandır.
Agentliyin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:
- Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə mühafizə tədbirlərini həyata keçirmək;
- Fiziki və hüquqi şəxslər tərəfindən strateji obyektlərin məsləhətləşmə və mühafizə zonalarında normativ hüquqi aktlarla müəyyən edimiş işlərin görülməsi ilə bağlı istismarçı təşkilatın yazılı rəyi əsasında razılıq vermək;
- Həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı və onların təhlükəsizlik kateqoriyasının müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat vermək;
- Azərbaycan Respublikasında beynəlxalq hava yollarının açılmasında iştirak etmək;
- Elektrik, qaz, istilik, su təchizatı və tullantı sularının axıdılması xətlərinin çəkilməsi üçün seçilən trassanın (yolun) razılaşdırılması ilə bağlı rəy vermək;
- Mülki pilotsuz uçuş aparatlarının dövriyyəsinə xüsusi icazə verilməsi ilə bağlı rəy vermək.
Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərini rəhbər tutur.