Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində xüsusi taktiki təlim keçirilib
Xüsusi taktiki təlimdə Agentliyin hərbi qulluqçuları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də Daxili Qoşunların, Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları iştirak ediblər.
Təlimdə Azərbaycan Respublikasının quru ərazisindən keçən ixrac neft və qaz boru kəmərlərinə, həmçinin onların yerüstü qurğularına qarşı yarana biləcək təhdidlərin qarşısının alınması, strateji obyektlərin mühafizəsi sahəsində dövlət qurumları və yerli özünüidarəetmə orqanları arasında koordinasiyanın gücləndirilməsi, şərti partlayış, yanğın və neft sızması zamanı qurumlararası birgə fəaliyyətin təşkili, komandir heyətinin əməliyyatların planlaşdırılması və keçirilməsi üzrə idarəetmə bacarıqlarının artırılması, mürəkkəb şəraitlərdə xidməti tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar şəxsi heyətin praktiki vərdişlərinin, fiziki və psixoloji hazırlığının yüksəldilməsi diqqət mərkəzində olub.
Təlimin yekununda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor Sərdar Səfərov çıxış edib.
Agentliyin rəisi, general-mayor Sərdar Səfərovun çıxışı
Salam yoldaşlar!
Hörmətli zabitlər, gizirlər, müddətdən artıq xidmət edənlər və təlim iştirakçıları!
Azərbaycan Respublikası dünyada qlobal enerji təhlükəziliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin bildirdiyi kimi bu gün Cənub Qaz Dəhlizi olmadan Avropa enerji bazarının necə olacağını təsəvvür etmək çətindir. Hazırda bu qaz xətti vasitəsilə 16 ölkəyə qaz tədarük olunur və onlardan 10-u Avropa İttifaqının üzvü olan ölkələrdir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəyəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin strateji obyektlərin mühafizəsi sahəsində qarşıya qoyduğu mühüm vəzifələr fəaliyyətimizin əsasını təşkil edir. Ali Baş Komandanın tapşırıqlarına uyğun olaraq, xidməti fəaliyyətin səmərəliliyinin artırılması, strateji obyektlərin mühafizə tədbirlərinin qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
Yaxın Şərqdə hələ də davam edən münaqişə ixrac boru kəmərlərinin təhlükəsizliyi məsələlərinin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Biz peşəkarlığımızı daim artırmalı, ixrac boru kəmərlərinin mühafizə tədbirlərini daha da təkmilləşdirməliyik. Bu məqsədlə Agentlik tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Şəxsi heyətin taktiki biliklərinin, fiziki, atəş və psixoloji hazırlığının inkişaf etdirilməsi əsas məqsədlərimizdəndir. Strateji obyektlərin mühafizəsi bizdən daimi, fasiləsiz və maksimum ayıq-sayıqlıq tələb edir. Ölkəmizin iqtisadi təhlükəsizliyinin vacib hissəsi olan ixrac boru kəmərlərinin təhlükəsizliyini yüksək səviyyədə qorumaq hər bir əməkdaşımızın müqəddəs xidməti, vicdani və vətəndaşlıq borcudur.
Son dövrlərdə ixrac boru kəmərlərinin mühafizə tədbirlərinin daha yüksək səviyyədə təmin edilməsi üçün Agentliyimiz Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, eləcə də “bp” şirkəti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC ilə daha sıx və operativ qarşılıqlı əlaqələr qurmuşdur. Bu fəaliyyətin nəticəsi olaraq qorunan obyektlərdə mümkün terror-təxribat aktlarının, fövqəladə halların və şərti qəzaların nəticələrinin aradan qaldırılması mövzusunda komanda-qərargah, praktiki təlimlər keçirilmiş, qurumlararası koordinasiya gücləndirilmiş və əməkdaşların peşəkarlığı artırılmışdır.
Hörmətli təlim iştirakçıları, bugünkü təlimin nəticələrini yüksək qiymətləndirirəm. Təlimdə qarşıya qoyulmuş tapşırıqlar və hədəflər tam həcmdə və peşəkarlıqla icra olunmuşdur. Bu təlimdə iştirak etmiş Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də Daxili Qoşunların, Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının şəxsi heyətinə, Dövlət Neft Şirkətinin əməkdaşlarına, eyni zamanda Agentliyin hərbi qulluqçularına təşəkkür edirəm.
Digər xəbərlər
28 sentyabr / 2026 / 14:29
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Anım Günü ilə bağlı tədbirlər keçirilib
ƏTRAFLI →